Övladlar dönükləşəndə Vahid Çəmənli

Övladlar dönükləşəndə Vahid Çəmənli

Doqqazın ağzında dondum qəfildən,
Təsəlli verərmi həmsöhbət mənə? ..
Uğursuz yolçuya döndüm qəfildən,
Necə yazıq gəldi bu həyət mənə...

Üstən quş səkməyən o çal-çəpərlər,
İndi neçə yerdən yaralanıbdır.
Doluşub həyətə qonşu dəcəllər,
Meynələr vədəsiz uralanıbdır.

Külək budaqları dibdən qoparıb,
Bağ-bağat doludur şax-şəvəl ilə.
Gül kolu təklikdən şivən qoparıb,
Ləçəklər üstündə don tutub gilə.

Körpə çinarların dəyişib halı,
Qoca tut nə yaman xəyala dalıb.
Bacımın bəzəkli çörək dəsmalı,
Təndirin başında kimsəsiz qalıb.

Pozulub bağçada əvvəlki mizan,
Körpə budaqları meyvələr əymir.
Əbədi qonaqdır bu yerdə xəzan,
Bir yaşıl yarpaq da gözümə dəymir.

Daşlar, divarlar da qəribsəyibdi,
Böyük hənirinə, uşaq səsinə.
Bu həyət məni də qərib sayıbdı,
Doğma nəfəsimdən çətin isinə...

Günəşin şəfəqi sönükləşəndə,
Qızmar yay günü də dönüb olar qış...
Övladlar soyuyub dönükləşəndə,
Dədə-baba yurdu yetim qalarmış...

1977
Ağdam, Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 26.12.2015
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 215
rank
favori
like
share