Üzüm üzlər görüb Vahid Çəmənli

Üzüm üzlər görüb Vahid Çəmənli

Bir çox şahlar, xanlar kimi şah Abbas da öz vəziri Allahverdi xanla təğyir-lıbas olub məmləkəti dolaşmağı, insanların gün-güzaranı ilə tanış olmağı çox sevərmiş. Günlərlə, həftələrlə davam edən bu səfərlər zamanı şah öz rəiyyətlərinin necə dolandığını, camaatın, onun dövləti idarə etmə səriştəsinə necə dəyər verdiyini öyrənər, bununla da özünü islah edərək xalqa lazm olan qanunlar çıxarmağa, ədalətli qərarlar verməyə çalışarmış. Nağıllarımızda, dastanlarımızda şahın düşdüyü maraqlı vəziyyətlər barədə çoxlu rəvayətlər var. Bu rəvayətlərin bəzilərində şah, bəzilərində qarşılarına çıxan insanlar gülməlı vəziyyətlərə düşürlər. Bir rəvayəti də mən eşitmişəm. Bunu babamın atası Qasım kişi babam Abbasa, babam Abbas kişi atam Valehə, atam Valeh kişi mənə danışıb. Mən də sizə danışıram. Bu rəvayət də dadlı-duzlu rəvayətdi, həm də kəndimizdə yaşayan qədim insanların necə hazırcavab olduğundan xəbər verir. Yəqin mənim ulu babalarım özləri dadlı-duzlu söhbətləri xoşladıqları üçün, yadlarında qalan söhbətlər də dadlı-duzludu.
Nə isə...
Günlərin bir günü şah Abbasla vəzir Allahverdi xan yenə təğyir-libas olub məmləkəti səyahətə çıxırlar. Onlar bir neçə kəndi-şəhəri dolandıqdan sonra gəlib bizim Çəmənli kəndinin yanından keçirlər. Bir də baxırlar ki, budu, iki əkiz qardaş xırmanda taxıl döyürlər. Amma qardaşların birinin saqqalı ağ, başının tükü qaradır. O biri qardaşın saqqalının tükləri qara, başının tükü isə bəm-bəyazdır. Şahla vəzir bu işə çox təəccüblənirlər, amma nə qədər fikirləşirlərsə bir şey anlaya bilmirlər. Axırda onlar qardaşlara yaxınlaşır:
-Ay qardaşlar, biz bayaqdan sizi sey edirik, sizdə gördüyümüz hikməti yoza bilmirik. Bəlkə, siz bizə kömək edəsiniz...
-Qardaşlar üzdən qəribə bənzəyən iki nəfəri diqqətlə süzəndən sonra gülümsəyirlər.
-O hansı hikmətdi elə?
-Siz əkiz qardaşsınız, amma bir-birinizdən seçilirsiniz. Birinizin üzünün tükü ağ, başının tükü qaradı, o birinizin üzünün tükü qara, başının tükü ağdı. Bu nətəhər olur ey, belə?
-Eh, - qardaşlardan biri dillənir, - burada nə hikmət var ki? Mənim başımın tükü üzümün tükündən 16 yaş böyük olduğu üçün başımın tükü ağarıb, üzümün tükü qapqara qalıb.
-Elə bu? – O biri qardaş dillənir. Mən anadan olandan həmişə başıma papaq qoyub gəzmişəm, ona görə də başımı gün yandırmadığından tüklərim qara qalıb. Amma üzüm...Üzüm sizin üzünüz kimi o qədər sırtıq üzlər görüb ki, görüb ki, xəcalətindən ağarıb, anladınmı, hıy?..
Vahid Çəmənli

16.07.2016