Siqareti tərgitməyin yeni yolu Vahid Çəmənli

Siqareti tərgitməyin yeni yolu Vahid Çəmənli





(Dostum Adilə həsr edirəm)

Rəhman, Rəhim Allahın adı ilə...
Bu gün istirahət günüdür. İş günlərindən fərqli olaraq, bu gün bir saat çox yatmışam. Oyanandan sonra bir az da yatağımda xumarlandım, röyada gördüklərimi xatırlayaraq, məna verməyə çalışdım. Röyam da çox qəribə idi. Bakı şəhərində qonaq olan iki müsafirə “İrşad” otelinə necə getməyi izah edirdim. İzahımdan bir şey anlamayan müsafirləri otelə qədər ötürməyi qərara aldım. Ona görə də qonaqlara, onların maşınına minərək otelə qədər yol yoldaşı olmağı təklif elədim. Razılaşdılar. Maşının arxa oturacağında cəmi iki yer vardı. Üçüncü oturacaq olan yerdə, - ortada, - maşının mühərriki yerləşirdi. Mənə mühərrikin üstündə oturmağı təklif elədilər. Öz qonaqpərvərliyimlə qonaqların qonaqpərvərliyini qiyas edərək anladım ki, bu barədə bizim əvəzimiz yoxdu. Yerimi rahatlayıb, sürücüyə hansı istiqamətə gedəcəyimizi göstərdim. Qəribədi, nə göstərdiyim yol, nə də ətrafımdakı mənzərələr mənə tanış gəlmirdi. Amma, bu barədə qonaqlara heç nə demirdim. Yol isə uzanır, uzanırdı. Sonra surucunun yanında oturan müsafirin yanında siqaret kötükləri ilə dolu külqabı gördüm. İnanın ki, elə yuxudaca həm bir neçə gün bundan əvvəl 40 ildən sonra görüşdüyüm tələbə dostum Adil, həm də Adil ilə siqaretin insan bədəninə vurduğu ziyan barədə söhbətlərimiz yadıma düşdü...
Uzun müddət gördüyüm röyanın təsirindən qurtara bilmədim. Ayağa durub pəncərədən çölə baxdım. Qonşun İsrafil həyətdə oturub siqaret çəkirdi. İstədim həyətə çıxam, amma fikrimdən daşındım. Bilgisayarı işə salıb, bu yazını yazmağı qərara aldım.
Mən bu yazı ilə heç kimə öyüd – nəsihət vermək fikrində deyiləm. Onsuz da heç kim öyüdə qulaq asmır. Hər kəs həyatda öz təcrübələrindən dərs alaraq yaşayır. Heç mən özüm də istisna deyiləm. Amma yenə də...
Mən də siqaret çəkən olmuşam. Lakin 2000 – ci il mayın 15 də, kiçik oğlum Aydın dünyaya gələn gün siqareti tulladım. Burada bəzəkli cümlələrdən istifadə edə bilərdim. Yazardım ki, bu pis vərdişdən əl çəkdim, yaxud bu insan həyatını zəhərləyən, ömrünü, ününü qısaldan siqaretə birdəfəlik əlvida dedim. Görürsünüz, mən yazdığım cümlələrin də səmimiliyinə fikir verirəm. Heç kimin bal kimi canına hopdurduğu qətranlı tüstüyə zəhər demərəm. Nə işimə qalıb, kim öz ömrünü nə ilə kəsir? Öz ömrüdü, özü bilər, istər uzadar, istər qısaldar.
Bəs nə üçün bu yazını yazmağa qərar verdim? Bu da yaxşı sualdır. Həyətə çıxıb, İsrafilin siqaretinin acı tüstüsündən uda – uda onunla söhbət edə bilərdim, küçəyə çıxıb ətrafda baş verənləri seyr edə bilərdim, ən azından televizoru yandırıb, “Könül dünyamız” verlişini seyr edə bilərdim. Amma mən bilgisayarı işə salıb bu yazını yazmağı istədim. Bu sualın cavabını mən yox, Allah bilir. Ona görə də bu yazıma Rəhman, Rəhim olan Allahın adı ilə başladım.

Ümid edirəm ki, bu yazım kiməsə siqareti tərgitməkdə kömək edəcək!
Bir neçə gün idi ki, dostum Mehmanın əlində siqaret görmürdüm. Yanımda oturanda paltarlarına çökən sərt qoxunu da hiss eləmirdim. Bu bir neçə gündə üzünün rəngi dəyişmiş, yanaqlarına xəfif qızartı çökmüşdü. Nədənsə, soruşmaq ağlımdan keçməmişdi. Nə soruşaydım? Mehman 45 illik ömrünün ən azı 35 ilini siqaret çəkmişdi. Onun siqareti atması heç ağlımdan da keçməzdı. Ona görə də susur, bir kəlmə soruşmurdum. Amma bir gün kiçik bir məclisdə Mehmanın əlində siqaret olan dostlardan birinə irad tutması məni dilləndirdi. Sual sual dalınca gəldi. Üstünə yağan suallardan Mehmanın gözləri doldu. Bizə kiçik bir əhvalat danışdı.
İstirahət günü idi. Balkonda xırda təmir işlərim vardı. Hava soyuq olduğundan qalın geyinib iş alətlərimi götürdüm. Bir siqaret yandırıb, qutunu stolun üstünə qoyaraq, balkona çıxdım. Siqareti tüstülədə - tüstülədə işə başladım. Bir xeyli işləyəndən sonra yenə siqaretin dəmi gəldi. Əlimi cibimə atdım. Siqaret cibimdə yox idi. Yadıma düşdü ki, siqareti evdə, stolun üstündə qoymuşam. Özümü danladım. Üst – başım tozlu olduğu üçün evə keçmək istəmədim, İşimə davam elədim .Bu münvalla xeyli vaxt keçdi. Amma get – gedə siqaret çəkmək istəyim güclənirdi. Bu istəyə tab gətirməyə halım olmadığı üçün, artıq üstümdəki toza – torpağa baxmadan, balkonun qapısını açıb içəri girdim. Aman Allah, siqaret stolun üstündə yox idi. Bəs mən bu zəhrimarı hara qoymuşam? Evi ələk – vələk eləməyə başladım, amma siqaret qutusunu tapa bilmədim. Qonşu otaqda yeddi yaşlı qızım Aytac televizoru seyr edirdi. Həyat yoldaşımı səslədim. Mətbəxdən cavab gəldi:
- Siqaretimi görməmisən? – deyə soruşdum.
– Yox, - dedi.
İlk ağlıma gələn bu oldu ki, yəqin on dörd yaşlı oğlum Azər götürüb. Onu siqaret çəkən görməmişdim. Amma, özümün on dörd yaşında artıq siqaret çəkdiyimi xatırlayanda, Azərin də on dörd yaşında siqaret çəkməsində təəccüblü nə ola bilərdi? Azəri soruşdum, anası dedi ki, xeyli vaxt olar ki, həyətə düşüb.
Donub qalmışdım. Siqaret çəkmək istəyim artdıqca, əsəbləşir, oğlumun qarasına danışırdım. Tam əmin idim ki, siqareti Azər götürüb. Başqa nə ola bilərdi? Deyinə - deyinə televizor olan otağa, - qızımın yanına getdim. Qızım divanda otrub əlləri ilə üzünü tutmuşdu. Doğrusunu deyim ki, qızımı çox sevirəm. Qızım da məni çox sevir. Ona görə də onun ağlamağını görəndə ata ürəyim dözmədi, siqaret, də, Azər də, - hər şey yadımdan çıxdı. Qızıma yaxınlaşıb əllərini üzündən çəkmək istədim. Birdən, o balaca qollarını boynuma sarıb, hıçqırtı ilə ağlamağa başladı. Qızımın bu halına dözə bilmədim. Sənə nə olub, ay bala? – deyə soruşdum:
– Ata, siqaretini mən götürmüşəm, ata! Ata, indicə televizorda göstərdilər ki, siqaret adamı öldürür, mən sənin ölməyini istəmirəm, ata! Sənə bir şey olsa, biz sənsiz nə edərik, ata? Sənin siqaretini əzib, zibil qutusuna tullamışam...
Heyrətimdən yerimdə donub qaldım. Bu körpə cocuğun içində olan ata sevgisi ürəyimi kövrəltdi, məni göz yaşlarına qərq elədi. Qızım isə məni öpə - öpə yalvarırdı:
- Çəkmə ata, çəkmə siqareti...mən sənsiz olmaq istəmirəm... atasız olmaq istəmirəm...sənin ölməyini istəmirəm, ata!
Mehman danışdıqca qəhər onu boğurdu. Biz də dolmuşduq. Bu kiçik qızın qəlbində olan ata sevgisi bizi də göz yaşlarına qərq eləmişdi. Mehman göz yaşlarını silib, sözünə davam elədi:
- İndi, siqaretin dəmi gələndə qızımın səsi qulaqlarımda canlanır, yaşlı gözləri, göz yaşlarından üzünə yapışan saçları gözlərimin önünə gəlir. Qızıma söz vermişəm ki, mən bir daha siqaret çəkməyəcəm.
06.08.2017
Bakı



DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 06.08.2017
Beğeniler: 14
Favoriler: 0
İzlenmeler: 279
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 03:00