Məni əfv elə Vahid Çəmənli

Məni əfv elə Vahid Çəmənli




Unudulmaz ədəbiyyat müəllimim Sabir Tanrıverdiyevin əziz xatirəsinə həsr edirəm.
Həmişə nəsə yazanda ruhən onunla söhbət edirəm. Görəsən, bu yazımı necə qiymətləndirərdi?
Allah rəhmət eləsin.



-Zəhmət olmasa, söyüd ağacının yanında saxlayın.
Arxüstü yolla tənbəl-tənbəl kəndə doğru irəliləyən avtobus ləngər vuraraq dayandı. Sürücü geri qanrılıb orta cərgələrin birində oturan səliqəli geyimli, orta yaşlı kişini təəccüblə züzdü:
-Hara belə ay dayı, kəndə hələ xeyli yol var.
-İşim var.
-Bu düzün ortasında nə iş?
Kişi cavab vermədi. Cibindən şax manatlıq çıxarıb süqrücüyə uzatdı.
-Bəlkə bir narahatçılığın var. Yollarımız çox narahatdır. Amma bir neçə gündən sonra bu yollar şüşə kimi olacaq. Sağ olsun hökumətimiz, bizə əməlli-başlı yol çəkir. Sürücü manatlığı alıb, pulun qalığını vermək üçün daxılda qurdalananda kişi artıq avtobusdan yerə enmişdi.
-Dayı, bəlkə xəstəsən, mən səni xəstəxanaya çatdıra bilərəm. Çox yaxşı xəstəxanamız var. İndi şəhərdən bizim kəndimizə müalicəyə gəlirlər.
Kışi sürücünün son sözlərini eşitmədi. Çünki o, əlindəki kiçik yol çantasını yellədə-yellədə söyüd ağacına sarı addımlayırdı. Əgər sürücü başını bulayıb sağ əlinin şəhadət barmağını gicgahının üstündə fırladaraq qaza basmasaydı, bir neçə andan sonra çox qəribə bir mənzərənin şahidi olacaqdı.
Kişi əlindəki çantanı yerə buraxdı. İkiəlli söyüd ağacının gövdəsini qucaqlayıb bağrına basdı, dodaqlarını onun sərin gövdəsinə dayadı. Kövrəldi.
-Ah, mənim əzizim. Bu necə xoş bir görüşdür. Sən hələ sağ-salamatsan. Mən də sağ-salamatam. Sən necə də böyümüsən. Necə də gözəlləşmisən. Elə bil nazlı gəlinə oxşayırsan. Sənin nə gözəl hörüklərin var.
Söyüdün budaqları həzin mehdən asta-asta yırğalandı. Elə bil söyüd də kişini salamlayırdı.

... O vaxtdan 40 il keçirdi. Onda hələ balaca idi. Kənddə mal-qaranı növbə ilə otarardılar. O gün də onların növbəsi idi. Səhərin şirin yuxusundan onu anasının səsi oyatdı.
-Ay oğul, qalx atana kömək elə. Bu gün bizim nobatımızdır. Atan təkdir, mal-qaranın qabağını ala bilməz, kolxozun qoruğuna dolar.
O, cəld qalxıb geyindi. Əlinə keçən ağacı götürüb çölə qaçdı. Sürü kənddən yavaş-yavaş uzaqlaşırdı. Qaçaraq özünü sürüyə yetirdi. Atası bu naqafil köməkçini məhəbbətlə süzdü. Gülümsədi, heç nə demədi.
O gün çox çətin bir gün oldu. Günortanın istisində heyvanlar üçün daldalanacaq bir yer yox idi. Heç özləri də kölgə tapa bilmədilər. Günorta heyvanlar başlarını bir-birlərinin kölgəsinə soxub dayananda, onlar da arxın tirəsində oturub nahar elədilər. Sonra qardaşı gəldi. Atası onu evə buraxdı. O sevinə-sevinə kəndə sarı qaçdı. Birdən hiss elədi ki, nəsə ona ağırlıq eləyir. O tərəf bu tərəfə baxdı. Ona agırlıq edən əlindəki ağacı idi. İstədi tullaya, artıq ağac ona gərək deyildi, amma baxdı ki, əlindəki ağac küləyin qapılarında bitən söyüddən qopardığı büdaqdır. Atası onu hamarlayıb odunların içinə atmışdı. Başına bir fikir gəldi. Ayaqqabılarını çıxardı, şalvarının balaqlarını çırmayıb suya girdi, əlindəki budagı var gücü ilə arxın qırağında torpağa basdırdı. Sonra sudan çıxıb əlləri boş rahat-rahat kəndə sarı qaçdı. Söyüd budağının taleyi onu heç maraqlandırmadı. Bir neçə illər sonra təsadüfən oradan keçəndə həmin yerdə qollu-budaqlı bir ağac görmüşdü. Amma heç inanmamışdı ki, bu, onun əkdiyi budaqdır. Tələbə vaxtı neçə dəfə buradan keçəndə maşından düşmək istəmişdi, amma hər dəfə nəsə mane olmuşdu. Bu dəfə qəti qərara gəlmişdi ki, burada maşından düşsün. Budur, düz 40 ildən sonra o bir zamanlar uşaq əlləri ilə torpağa basdırdığı kiçik bir budaq böyüyüb yekə bir ağac olub, o da həmin ağacın kolgəsində oturub. İçinə bir sərinlik, bir rahatlıq gəldi. Neçə vaxt idi ki, belə bir həzinliyin həsrətini çəkirdi. Ömrünün dadsız-duzsus ötüb keçən çağları gəlib gözlərinin önündə dururdu. Şəhərdə neçə il idi mühasib işləyirdi. Mühasib deyəndə, ağlın o köhnə mühasiblərə getməsin. Əvvəllər mühasiblər varlı-hallı olardılar. Mütləq kök olardılar. Amma, mühasiblər yeyib - içməkdən kök olmurlar. İşləri oturaq işdir. Bütün günü hərəkətsiz olurlar. Dostu mühasib-şair necə yazmışdı? –“Özgənin var dövlətin saymaqla keçdi ömür, O da daim narazı, quru sağ ol da demir”. Onun da ömrü özgələrin sərvətini saymaqla keçirdi. Ona görə də bu misralar onun lap ürəyindən xəbər verirdi. Yadına düşdü ki, avtobusda onu heç kim tanımadı. Heç Qiyasın oğlu sürücü Adil də onu tanımadı. Necə tanıyaydılar? O, balaca cılız uşaq böyüyüb yekə kişi olmuşdü. Anası boyunu sevərdi: səni görüm, yekə kişi olasan. Buradan beş-altı yüz metr məsafədə olan qəbristanlığa sarı boylandı. -Bəlkə, gedim, ziyarət edim? 40 ildir ziyarət eləməmişəm? Görəsən taparammı? Taparam. Şübhəsiz taparam. Ata-ananın qəbrini unutmaqmı olar? Yox, mən mütləq ziyarət eləməliyəm. Kim bilir, bir də bu yerlərə yolum düşəcəkmi?

Gün günortanı keçmişdi. Amma o hələ də axtarırdı. Qəbristanlıq böyük olsa da, ata-anasının məzarlarını tapa bilmirdi. Sanki burada hər şey dəyişmişdi. Elə bil məzarlar da çoxalmışdı. Burada onun tanıdıqları çoxlu insanların məzarı var idi. O hətta onların artıq dünyada olmadıqlarını da bilmirdi. Aman Allah, elə bil kəndin yarısı bura köçmüşdü. Çoxunun adı ilə bağlı ürəyində xatirələr vardı. Uşaqlıq dostunun məzarını görəndə özünü saxlaya bilməyib ağladı. Neçə il dostluq eləmişdilər? 10 il... Bir sinifdə oxumuşdular. həmişə bir yerdə olardılar. Onların dostluğuna birinci sinifdən mane olmaq istəsələr də nail ola bilməmişdilər. O, çox sözübütöv uşaq idi, qərarından heç kim döndərə bilməzdı. İkinci sinifdə oxuyanda, deyəsən, “Lenin yolu” qəzetinə şikayət yazmışdılar. Mehman onları "satdı". Ah, Mehman, Mehman, ən çox bir yerdə olduğu uşaqlıq dostu. Nə yaxşı, müəlliməyə xəbər verdin. Yoxsa böyük biyabırçılıq olardı. Müəllimə əvvəlcə gülümsədi, sonra mənə yaxınlaşıb kağızı istədi. Kağız məndə yox idi. Bu dəfə adaşıma yaxınlaşdı.Lakin kağızı ondan ala bilmədi. O, kağızı parça-parşa elədi, amma müəlliməyə vermədi. “Ay adaş, Allah sənə rəhmət eləsin, neçə il dostluq elədik, bir dəfə də olsun bir-birimizin qəlbini qırmadıq”.
Birdən təzə məzarın yanında oturub dərin xəyala gedən bir qadın gördü. Səssizcə dönüb getmək istədi. Amma qadının yanında oturduğu qəbrin baş daşinda yazılan ad onu dayanmağa məcbur etdi. Bir anda həyəcandan boğazı qurudu. -Yəni döğrudanmı bu odur? Yaxınlaşdı. Salam vermək istədi. Dili söz tutmadı.Baş daşlarından birinə söykəndı. Dalğın-dalğın qadına baxdı. Beləcə xeyli dayandı. İndi nə etsin? Çıxıb getsinmi? Neçə il bundan əvvəl olduğu kimi. Qəbirdəkilərə həsəd apardı. Kaş məni görməyəydi? Qadın ona tərəf baxmırdı. Həzin səsi sanki quyunun dibindən gəlirdi.
-Gəldinmi? Mən bilirdim sən bu gün bura gələcəksən. Yuxuda görmüşdüm. Səni yuxuda çox görmüşəm. Amma bu yuxu başqa yuxu idi. Sən mənə burada, rəhmətliyin məzarının yanında görüş təyin elədin. Səhər oğlumdan xahış elədim məni bura gətirsin. Mən səni bayaqdan görmüşəm. Avtobusdan düşəndən... Səni dərhal tanıdım. Heç dəyişməmisən.
-Sən nə danışırsan, mən necə qocalmışam.
-Qocalmağını demirəm, aradan çıxmaq xasiyyətini deyirəm.
-...
Neçə il bundan qabaq olduğu kimi... Tut ağacının altında sonuncu görüşümüzdə. Onda da aradan çıxdın. Sabah gələcəm, dedin. Amma gəlmədin. Bütün ömrüm boyu o tut ağacının yanından ağlaya-ağlaya keçirəm. İnsan necə soyuq olarmış.
-Mən də bütün ömrüm boyu o ğörüşün xatirəsi ilə yaşamışam.
-Sən çıxıb gedəndən bir neçə gün sonra bizə elçi gəldi. Özümə yer tapa bilmirdim. Elə hey sizin evə tərəf boylanırdım. Deyirdim gələrsən, qoymazsan məni başqasına verələr. Gəlmədin. Toy günü axırıncı dəqiqəyə qədər səni gözlədim, gözlərim qapıda qaldı. Dedim, gəlib alarsan məni bu yad insanların əlindən. Gəlmədin.
-Mən nə bilirdim ki, belə olacaq?
-Zifaf gecəsi yer yarılsaydı yerə girərdim. Sevgisiz yataq cəhənnəm əzabı imiş, İlahi. İçimdə olan yaxşı nə vardısa hamısı o gecə öldü. Sən necə razı oldun ki, mən başqasının qadını olam? Haralara getdin axı.? Nə tapdın yad şəhərlərdə, yad insanların arasında... Boş qalan həyətiniz mənə göz dağıdır. Bizim necə gözəl həyatımız ola bilərdi. Hamısını məhv etdin.
-Bağışla, mən bilmirdim ki, sən məni belə sevirsən.
-Sənimi? Səndə sevməli bir şey varmı? Mən öz içimdə yaratdığim “səni” sevirəm. Bu sevgi mənimlə qəbrə gedəcək.
-Bağışla, mən çox böyük bir səhv etmişəm. İstəyirsən dur, bu dəqiqə buradan çıxaq gedək.
-Sən ötüb keçən ömrü geri qaytarmaqmı istəyirsən? O ağri-acıları unutdurmaqmı istəyirsən. Onlar unudulan deyil. Hara getsək ağrılarımız da bizimlə gedəcək.
-Mən sənə unutduraram o ağrıları.Mən səni xoşbəxt edərəm.
-Kim sənə dedi ki, mən xoşbəxt deyiləm. Rəhmətlik həyatında mənim bir sözümü iki eləmədi. Mən onunla çox xoşbəxt idim. Sadəcə sevə bilmədim onu.Urəyimdə yer yox idi ona. Bir daşürəkli onu tamam tutmuşdu.
-Mən sənin bu sözlərinə dözə bilmirəm. Bəlkə bu Allahın qismətidir ki, biz görüşdük. Mən elə bu saat səni buradan götürüb gedəcəm.
-O gələn maşını görürsənmi? Oğlumdur. Mənim dalımca gəlir. Sən bir az kənara çəkil, ayıbdır. Səni gördüm, bu qalan ömrümə bəs edər. İndi halallaşaq. Mənə verdiyin zülümləri sənə halal edirəm. Yəqin ki, biz bir daha görüşməyəcəyik. Get, yolun açıq olsun.
Qadın yaxınlaşmaqda olan maşına doğru getdi. Oglu maşını saxlayıb yerə düşdü.
-O kişi kimdir, ana?
-Hansı kişi? Onumu deyirsən.? Bilmirəm. Mən heç ona fikir verməmişəm.
-Bu gün sənə nə olub, ana? Sən heç buralara gəlməzdin?
-Yuxuda mənə görüş vermişdi. Gəldim bir az dərdləşim.
-Deyəsən əməlli-başlı ağlamısan?

Avtobus söyüd ağacının yanında dayandı. Sürücü qapını açıb bir neçə saat bundan əvvəl avtobusdan düşən kişiyə üz tutdu:
-Dayı, nə oldu, deyəsən heç kəndə gedib çıxmadın?
-Adil, olarmı az sual verəsən?
-Necəə? Sən məni tanıyırsan?
-Yox. Hardan tanıyıram? Adını bayaq eşitdim.
Kişi heç nə demədi. Səssizcə keçib kəndə gələndə oturduğu yerdə oturdu. Sürücü kişidən bir kəlmə də olsun söz ala bilməyəcəyinə əmin olub qaza basdı. Maşın sürətlə kənddən uzaqlaşdıqca kişi də hər şeyi qəlbinə köçürmək üçün acgözlüklə ətrafı seyr edirdi.


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 07.10.2017
Beğeniler: 15
Favoriler: 0
İzlenmeler: 258
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 15:00