Həkim

Həkim

Doktor Selcan Ağdamılıya həsr olunur

Bir dərd daşıyıram gör neçə ildi,
Bu dərdə dağ dözməz, daş dözməz, həkim.
Qəlbimə tökülən göz yaşlarından,
Od tutub yansa da, can bezməz, həkim.

Bir yandan Kəlbəcər, bir yandan Laçın,
Bir yandan Tərtərçay, bir yandan Xaçın,
Bir yandan Ağdamım, - suları qırçın,
Murov boyda dərdi kim görməz, həkim?

Yağı düşmən tutub qədim Qalanı,
Qubadlı, Füzuli, Zəngilan hanı?
Tutduq üzümüzə Çocuq-Mərcanı,
Abdal-Gülablıdan səs gəlməz, həkim.

Yuxuda görürəm Cıdır düzünü,
Ağdərəm, Xocalım cırır üzünü.
Tənha Dəldağım büküb dizini,
O məğrur qaməti düzəlməz, həkim.

Xankəndi, Cəbrayıl düşmən əlində,
Necə seyr eyləyir Sərsəng gölündə.
Yanır çəmənim də, yanır çölüm də,
Yurdum nə dirilməz, nə ölməz, həkim.

Qəlbinin səsinə Vahid, qulaq as.
Təbiblər nə dərman, nə dava tapmaz.
Qurdla qiyamətə qalanda qisas,
Bu dərdən kim yanıb üzülməz, həkim.

Vahid Çəmənli
Şəkilkdə: Müəllif 1980-ci il


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 10.05.2018
Beğeniler: 38
Favoriler: 0
İzlenmeler: 550
rank
favori
like
share