KƏHRİZ Vahid Çəmənli

KƏHRİZ Vahid Çəmənli

AĞDAM XATİRƏLƏRİ

KƏHRİZ

Məndən soruşsalar deyərdim ki, mənə görə dünyanın ən gözəl yolu Quzanlıdan Xındırıstanın içindən keçərək Çəmənliyə doğru uzanan yoldur. Hər kəsə doğulduğu yurda doğru uzanan yol şirindir. Mənə də bu yol çox şirindir.
Yol hər iki tərəfdən taxıl zəmiləri ilə, hündür ağaclarla əhatə olunub. Sağda başı qarlı Murov, ondə Qarabağ dağları görünür. Üzü Qarabağ dağlarına tərəf yol getmək hər bir qarabağlı üçün ən böyük xoşbəxtlikdir.
Hələ erkən olsa da, səmada yanan iyun Günəşi əməlli-başlı yandırıb yaxırdı. Dostum Nizami maşını sürətlə sürür, məni Çəmənliyə çatdırmağa tələsirdi. Çəmənlinin havası Quzanlının, Xındırıstanın havasına nisbətən sərin olur. Ona görə də dostum mənə qarşımda açılan mənzərələri doyunca seyr etməyə imkan vermirdi. Eh, Nizamiyə nə var, hər gün bu yolla keçib gedir. Onun üçün bu yolların üstündə bitən ağaclar da, bu ağacların üstündə cəh-cəh vuran torağaylar da tanışdır. Mən isə...
Nizamidən bir artezian quyusunun başında maşını saxlamağı xahiş etdim. Nizami dönüb mənə baxdı:
-Su içmək istəyirsən, dədə?
-Hə, - dedim.
-Darıxma, indi sənə kəhriz suyu içirəcəm.
Kəhriz deyəndə ürəyim kövrəldi. Bizim kənddə də kəhriz vardı. Çəmənli kəndi ilə Zəngişalı kəndi arasında qazılmışdı bu kəhriz. Yadımda qalan məlumatlara görə bu kəhrizi 1860-70 –ci illərdə Cavanşirlər nəslindən olan Hüseynqulu Ağa qazdırıb. Kəhriz, onun Zəngişalı ilə Çəmənli arasında saldığı Ağalıq bağını suvarmaq üçün istigadə edilib. Yaşlı kişilər danışırdı ki, Ağalıq bağının yaxınlığında kəhrizin torpağın suyun üzünə çıxdığı yerdə Ağa su dəyirmanı da tikdiribmiş. Ağalıq bağı haqqında Çəmənli və Zəngişalı kəndləri sakinlərinin həmişə mübahisələri olur. Ağa Zəngişalı kəndində yaşadığına görə, zəngişalılar Ağalıq bağını Zəngişalı ərazisi hesab edirdi. Amma, məncə bu belə deyil. Ağa o torpağı satın almışdı. Bağ onun şəxsi mülkü idi. Sonra orada həmin bağı salmışdı. Bu bağda bitən meyvə ağaclarını Ağa dünyanın müxtəlif ölkələrindən gətirdirdi. Bağda müxtəlif növ nadir nar, üzüm qələmləri, onlarla meyvə ağacları əkilmişdi. Az bir zaman içində kəhriz suyunun hesabına bağda yetişən meyvələr nəinki ətraf kəndlərdə, hətta bütün Azərbaycanda məhşur oldu.
Heyif, çox heyif, o Ağalıq bağı da, o kəhrizlər də Sovet hökumətinin pambıq siyasətinin qurbanı oldu. Bağ baxımzızlıq üzündən məhv oldu. Nəinki o bağ, Çəmənlinin tən ortasında öz gözəlliyi ilə könül oxşayan meşəni də qırıb küləyə sovurduq.
Bəzən biz itirilən torpaqlarımıza görə alışıb-yanırıq. Amma çox heyif ki, əlimizdə olan torpaqlarımızın qədrini heç bilmirik.
Kəhrizin başında dalğın-dalğın dayanmışdım. Ağrılı-acılı xatirələr bir sinema lenti kimi gözlərimin önündən keçir, qəlbimi kövrəldirdi. Vətən sularının bircə damlası olan bu kəhriz gözlərimin önündə bir dəryaya çevrilmişdi. Kəhrizin bir neçə yerə bölünərək axdığını görəndə yadıma uşaqlığımın daha bir qəmli xatirəsi düşdü. 60-cı illərdə Çəmənlidə bərk su qıtlığı idi. Suyumuz ancaq Kötəldən gəlirdi. Qarabağ dağlarına yağış yağanda su arxlarımız dolur, bizi sevincə qərq edirdi. Qapı-bacalarımız doyunca su içirdi. Amma yay gələndə çox böyük çətinliklər olurdu. Kötəldən axıb gələn su pambıq tarlalarını suvarmağa güclə çatırdı. Həyətə, bağa bostana su verməkdən söhbət gedə bilməzdi. Su cuvarları su üstündə insanları döyməyə də hazır idilər. Belə cuvarlar kəndimizdə də vardı.
Bir zaman mənə elə gəlirdi ki, dünyanın bütün axar suları iki yerə bölünür, yarısı Həsiyə, yarısı Əkbərə axır.
Onlar bizim kəndin su cuvarları idi. Nazik arxın üstü ilə yuxarı-aşağı gedər, suya nəzarət edərdilər. Bir nəfərin həddi nə idi öz qapısına bircə sızqa su açsın. Ölüm-dirim savaşı başlayardı. Belə ölüm-dirim savaşlarının biri də mənim atam Valehlə olmuşdu. Allah rəhmət eləsin hər üçünə. Onlar haqq dünyasındadırlar. Həsi də, Əkbər də öz vəzifəsini icra edirdi. Nə etməli, zəmanə belə idi.
Bu kədərli xatirələr məni qəhərləndirmişdi. Danışa bilmirdim. Nə yaxşı ki, Nizami mənə əl-üzümü yumağı təklif etdi. İsti göz yaşlarım kəhrizin buz kimi soyuq sularına qərq olaraq axıb getdi.
Nə başınızı ağrıdım, Kəhrizin buz kimi suyu ilə yuyundum. Lap uşaqlığımdakı kimi doyunca ovuclayıb içdim. Sonra dostum Nizaminin ağ Jiqulisində Çəmənliyə doğru yol aldıq.


Şəkildə müəllif Kəhrizdə (Ağdam rayonu)


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 01.07.2018
Beğeniler: 38
Favoriler: 0
İzlenmeler: 590
rank
favori
like
share