AĞDAM HAQQINDA BALLADA VAHİD ÇƏMƏNLİ

AĞDAM HAQQINDA BALLADA VAHİD ÇƏMƏNLİ



Xəbər alsan bu vilanın əhvalın...
(Qasım bəy Zakir)

Ərz eləyin məndən Zakir babama,
Bu vilada necə qalmaqal oldu..
Olan oldu, ölən öldü, qalan yox,
Dağlar, düzlər qanımızdan al oldu.

Ağdam adlı bir şəhərim talandı,
Damı, daşı alovlara qalandı,
Zülüm qalxdı, yeri, göyü dolandı,
Dünya gördü, amma susdu, lal oldu.

Məscidimdən azan səsi kəsildi,
Kəndlərimdən ozan səsi kəsildi.
Neçə-neçə yazan səsi kəsildi,
Neçə-neçə ürəklərdə xal oldu.

Toy evimi yağı döndərdi yasa,
Başımıza kül ələdi bir kasa...
Əllər yalın, ürək dolu, dil qısa,
"İgidlərin “əlif” qəddi “dal” oldu".

Gülablımın bulaqları durulmaz,
Beşbulaqda alaçıqlar qurulmaz.
Nənəqızlar halayında yer olmaz,
Bağbanların almaları kal oldu.

Qozlu bağa elə bil ki, od düşdü.
Şelli narı budaqlarda büzüşdü.
Güllücədə toz dumana qarışdı,
Qarağacı erməniyə yol oldu.

Yüsifcanlım tər çiçəyə bürünmür,
Şahbulağım dumanlardan görünmür,
Hanı Kötəl, izi-tozu bilinmir,
Qullar dönüb quldurlara qul oldu.

Mərzilimdən nə səs gəlir, nə səda.
Xudu yurdun bürüyübdü qan-qada,
Muradbəyli nalə çəkir ortada,
Seyidlidə üzüm qaldı bal oldu!

Əhmədavar, Ətyeməzli, Qiayaslı,
Xaçın yaslı, Qarqar yaslı, mən yaslı...
Bazarında ta görünmür Zarıslı,
Kəngərlidə qaratikan kol oldu.

Neçə - neçə igidlərim şəhiddi,
Hesabına Bircə Allah şahiddi.
Baş küçəmin daşı üstə daş bitdi,
Neçə-neçə qız-gəlinim dul oldu.

Mən nə yazım, kim anlayar dərdimi?
Uzundərə üzün yerə sərdimi?
Köçüb gedən durnaları gördümü?
Geri dönmür, görən neçə il oldu?

Bu Maqsudlu, Bu Nəmirli, bu Cinli,
Qərvənd vardı, bu ölçülü, biçimli,
Ağam vardı, əsli-kökü Laçınlı,
Çəmənlimdə tənha bitən gül oldu!

Boyəhmədli, Əliağalı, Kolanlı,
Sevindirməz gözü yolda qalanı,
Qaramanım, qov başından dumanı,
Bəlkə səndən həzin əsən yel oldu.

Yurdum mənim, sənə həsrət qalandan,
Dərdli Vahid çıxdı dindən, imandan,
Gileyim var, Mehdi Sahib-zamandan,
Göz yaşlarım axıb, axıb sel oldu!

31.08.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 31.08.2018
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 617
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 20:00