İzin ver suyundan doyunca içim Vahid Çəmənli

İzin ver suyundan doyunca içim Vahid Çəmənli

Canıma illərin yanğısı düşüb,
İzin ver, suyundan doyunca içim,
Sərçələr yuvadan çıxana qədər,
Dəcəl kəpənəklər duyunca içim.

Çox uzun, çox ağir yol gəldim sənə,
Atəşdən od tutub alışır sinə,
Neçə parç içim ki, bu yanğım sönə?
Nizami birbəbir sayınca içim.

Vətənim, el-obam ümid çırağım,
Nur olum dağına, düzünə yağım...
Mənsiz axıb gedən İsa bulağım
Günahı boynuma qoyunca içim.

Kəhrizim, üstündə gördüm bağca-bağ,
Budaqlar üzünə çəkibdir duvaq...
Qürbətdən yol alan qonağam, qonaq,
Dayanım, həsrətim boyunca içim.

Vahid, Allah bizə verməsin səbir,
Ağdamsız bu dünya qəbirdi, qəbir
Qarabağ yanğısı sönərmi de bir,
İstər lap Arazın suyunca içim.

01.09.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 01.09.2018
Beğeniler: 32
Favoriler: 0
İzlenmeler: 527
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 23:55