Qardaş Vahid Çəmənli

Qardaş Vahid Çəmənli

Qardaş.

Ağdamı 23 iyulda tərk edən qardaşım Zülfüqara həsr edirəm.


Altmışı adladın, önündə yüzdü,
Yüzə çatmağına nə qaldı, qardaş?
Düşdü qismətinə ağrılı illər,
Başını nə qədər dərd aldı, qardaş.

Uşaqlıq çağını erkən tərk etdin,
On altı yaşından fəhləlik etdin,
Əlini zəhmətə, yükə öyrətdin,
Kasıb evimizə kar oldu, qardaş!

Sonuncu günədək möhkəm dayandın,
Orduya inandın, xalqa inandın...
Çox heyif, çoxları pozdu öz andın,
Millətin yanında xar oldu, qardaş!

Yurdundan, yuvandan düşdün didərgin,
İtirdin səmtini cənubun, şərqin...
Səhərin yuxulu, gündüzün gərgin,
Gecələr nəfəsin daraldı, qardaş.

Çox adam anlamaz, köçkün nə demək?
Keçməyir boğazdan nə su, nə yemək...
Gözlədin, kimsədən gəlmədi kömək,
Gen dünya başına dar oldu, qardaş!

Taleyin başına açdı oyunu,
Nəzərə almadı zərif boyunu...
Qürbətdə keçirdin övlad toyunü,
Üzün intizardan saraldı, qardaş!

Həsrətdən alışıb yansa da sinə,
Fikrində, zikrində Ağdamdı yenə,
Tanrı qovuşdursun səni Vətənə.
Gözlər göz yaşından yoruldu, qardaş.

Baxıram saçının bəyaz qarına,
Allah sağlıq versin Güllü yarına.
Bircə qovuşaydın arzularına,
Deyəydim, Haqq sənə yar oldu qardaş!

06.09.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 06.09.2018
Beğeniler: 30
Favoriler: 0
İzlenmeler: 485
rank
favori
like
share