Rahilənin xatirəsinə Vahid Çəmənli

Rahilənin xatirəsinə Vahid Çəmənli

Mən bu yazını qələmə alanda sən artıq həyatda yox idin. Ömrünün əllinci baharında min bir əzabla yaşadığın həyata əlvida demişdin. Sən getdin, səninlə birgə həyatının ən böyük faciəsi də məzara getdi.



Sənin haqqında nə deyim? Sadə bir qız idin. Çəmənlidə adı bir kəndlinin evində doğuldun. Adı bir uşaq kimi qum üstündə evcik qurdun, dəcəl kəpənəklərin dalınca qaçdın, özün kimi qızlarla dostlarınla gizlənpaç oynadın… və yavaş — yavaş böyüdün, boy atdın.



Adını nənən qoymuşdu: Rahilə. Soyadın Həsənova idi. Nənənin çox xoşu gəlirdi Rahilə Həsənovadan. Yazıq fikirləşirdi ki, bəlkə sən də böyüyüb onun kimi saz çalan, söz oxuyan olarsan. Amma belə olmadı. O zamanlar kənddən qanadlanıb şəhərə uçmaq asan deyildi. Kənddə qalıb ata — anasına dayaq olan, evin bütün işlərini zərif çiyinlərinə alan yüzlərlə — minlərlə qızlarımız kimi sən də kənddə qaldın. Zəhmətlə yaşadın. Alaq elədin, pambıq yığdın, üzüm dərdin, ev yığışdırdın, qardaşlarını böyütdün…



Sonra ərə getdin. Öz kəndinin oğlanlarından birinə. Bir oğul, bir qız anası oldun.



Həyatının ən böyük faciəsi baş verən o gün təndir qalayıb çörək bişirəcəkdın. Oğlunla qızını geyindirib qonşuya əmiləri gilə göndərdin. Evləriniz çəpər çəpərə idi. Nə vardı ki? Bu darvazadan çıxıb o biri darvazadan girəcəkdilər. Amma, heç ağlına gəlmədi ki, çöldə qəddar insanlar dolaşır. Qarışıq zəmanə idi. Hamı hüriyyətdən məst olmuşdu, ağlına gələni edirdi. Bir neçə dəqiqədən sonra qızın ağlaya-ağlaya qayıdıb gəldi. Nə olub? — deyə soruşdun. Ana, qardaşımı bir əmi maşına mindirib apardı. Sən nə danışırsan, nə əmi? — deyə dəli kimi küçəyə qaçdın. Küçədə heç kim yox idi. Fəryad elədin. Səsinə qonum-qonşular qaçıb gəldi. Hamı donub qalmışdı. Hələ belə bir hadisəni heç kim görməmişdi. Ona görə də ürək — dirək verirdilər. Qorxma ay qız, sənin uşağın kimə lazımdı, indi harda olsa qayıdıb gələr. bəlkə, kimsə maşına minib gəzdirir uşağı…



Kimsə milisə xəbər verməyə getdi. Bir azdan milis gəldi. Yazdı, pozdu, ifadə alıb getdi. Azca ümidləndin. Taparlar, — dedin. Amma tapılmadı. Aylar, illər keçdi, balanı gördüm deyən olmadı.



Bu dərd səni heç buraxmadı. Harda balaca, totuq uşaq görəndə, elə bilirdin oğlundu. Başını

tumarlayırdın, adını soruşurdun. Zavallı, sən elə bilirdin ki, oğlun həmənki balaca uşaqdı. Heç böyüməyib.

O zamandan bu dünyanın harasındasa bir anasız uşaq, bir də övladina həsrət qalan nisgilli bir ana yaşadı.

Ana üçün bala dərdi ən ağır dərddi. Allah heç vaxt ananı övlad üzünə həsrət qoymasın.

Çox istəyirdim ki, sən öz övladına qovuşasan. Allah, Allah yüzlərlə, minlərlə görüş səhnələri xəyalımda canlanırdı. Həmişə fikirləşirdim ki, əgər belə belə bir görüş olsaydı, ya bir az başqa çür olsaydı, görəsən sən nə edərdin, necə xoşbəxt olardın? Lakin çox təəssüf, belə bir sevinc sənə qismət olmadı. Təəssüf…


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 08.09.2018
Beğeniler: 26
Favoriler: 0
İzlenmeler: 398
rank
favori
like
share