Saya gəlməz şükürlərin sayımı Vahid Çəmənli

Saya gəlməz şükürlərin sayımı Vahid Çəmənli

Sənun yuxa ürəyinə güvəndim,
Sərinlətdin qora bişən ayımı.
Nə şəkərim, nə nabatım, nə qəndim,
Belə şirin eləməzdi çayımı...

Haqq üçünə, bir az aşdım həddimi,
Qırıb tökdüm içimdəki səddimi...
Xoş sözlərin dikəldirdi qəddimi,
Qaytarırdı Tanrı verən payımı.

Çox yoruldum, çox qırıldım ay dədə.
Belə - belə sönəcəkdim bəlkə də...
Nə yaxşı ki, sən varsan bu ölkədə,
Əvəz etdin yüz əmimi, dayımı.

Sınıq qəlbim dinib - dinib, susurdu,
Vüqarından çoxdan enib, susurdu,
Arzularım yanıb - sönüb, susurdu,
Unudurdum öz kökümü, soyumu.

Kimim vardı Çəmənlidə, - bir bacım,
Beş - altı cüt bar verməyən ağacım...
İzlərimi itirmişdi baş tacım,
İtirmişdi harayımı, harayımı.

Dostum, sənə üz tuturam bir daha,
Ürəyimdə ümid artdı sabaha...
Bu sevginin dəyəri var çox baha,
Saya gəlməz şükürlərin sayımı...

Ağdam, Çəmənli
08 Avqust 2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 11.09.2018
Beğeniler: 23
Favoriler: 0
İzlenmeler: 331
rank
favori
like
share