Dostum Əhməd Üstübünlüyə namə Vahid Çəmənli

Dostum Əhməd Üstübünlüyə namə Vahid Çəmənli



Dedim, gəlim görüşünə keçən yay,
Vaxt uzandı payızacan, ay Əhməd.
Duman sardı Üstübünün yolların,
Çəkilərmi bu yazacan, ay Əhməd?

Durnalardan söz yolladım, aldınmı?
Alıb da,heç məni yada saldınmı?
Düzünü de, kövrəldinmi, doldunmu?
Oxuyunca ta sonacan, ay Əhməd.

Üstübünə vurulubdur gözlərim,
Bir gəzəydim o dağları, düzləri…
Şair babam Nəbatinin izləri,
Qalar axır zamanacan, ay Əhməd.

Çəmənli də, Üstübün də Vətəndi,
Əlim çatan, ünüm yetən Vətəndi.
Bir ürəkdi, bir candı, bir bədəndi,
O tayından bu tayacan, ay Əhməd!

İtirmişəm illərimin sayını…
Nola Vahid, keçəm Araz çayını,
Görəm sənin dağ vüqarlı boyunu.
Həmdəm ola canıma can, ay Əhməd!

Vahid Çəmənli
Bakı.

03.10.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 04.10.2018
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 509
rank
favori
like
share