Bu saz məni ovudarmı Vahid Çəmənli

Bu saz məni ovudarmı Vahid Çəmənli

Sarı Aşıq məclisinin cəfakeşləri Ədalət müəllimə və Adil müəllimə həsr edirəm.

Toxunduqca simlərinə
Odlanıram için – için,
Ağlayıram Kərəm üçün,
Abbas üçün, Sənəm üçün.
Valeh deyir Zərnigardan,
Babam Ayna nənəm üçün...
Bir Ruhani döndərməsi
Atəşimi soyudarmı?
Bu saz məni ovudarmı?

Telli sazın fəryadında
Şirvan, Muğan, Mil danışır.
Xəzər susur dalğın - dalğın,
Göycə adlı göl danışır.
Tərtər acı nalə çəkir,
Xaçınla Kötəl danışır.
“Baş sarı tel” sədasında,
Ötən illər qayıdarmı?
Bu saz məni ovudarmı?

Haray, haray yad əllərdə,
Qalan yurdum, elim haray.
Haray, haray dədə Şəmşir,
Ələsgərim, Alım haray,
Haray, haray, Qalam haray,
Dilsiz qalan dilim haray.
Cəngi çalın! Cəngi səsi
Koroğlumu oyadarmı?
Bu saz məni ovudarmı?

Qarabağım, qəm otağım,
Vahid səndən əl götürməz.
Torpağımın dadın, duzun,
Yer yetirməz, göy yetirməz.
Od vurulan çəmənlərim
Lalə açmaz, gül bitirməz.
Deyin görüm insan oğlu
Bu qədər də dərd udarmı?
Bu saz məni ovudarmı?..
19.11.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 20.11.2018
Beğeniler: 26
Favoriler: 0
İzlenmeler: 438
rank
favori
like
share