Qayıdım  Vahid Çəmənli

Qayıdım Vahid Çəmənli



Bakıdan tərpənim dan söküləndə,
Vətən göylərində uçum, qayıdım.
Cəngidən diklənim üzü Şirvana,
Ağsu dolayını keçim, qayıdım.

Göyçayda nar dərim, çiçək qoxlayım,
Ağdaşda dostları bir – bir yoxlayım.
Kürün sahilində ayaq saxlayım,
Ayna sularına köçüm, qayıdım.

Yevlaxdan boylanım Murova sarı,
Süzüm zirvəsində bəmbəyaz qarı...
Bərdədə sinəmdən atım qubarı,
Nanəni, yarpızı biçim, qayıdım.

Ağdamdı ruhumun qolu, qanadı,
Ürəyim titrəyir gələndə adı...
Başqadı Kəhrizin suyunun dadı,
Doldurum bircə parç içim, qayıdım.

Şuşam, həsrətimi yetirim başa,
Səni qərq elyim zərə, qumaşa...
Qırxqız yaylağına edim tamaşa,
Xarı bülbül kimi açım, qayıdım...

Duman bürüsə də Dəlidağımı,
Kəsməz umudumu, umacağımı...
Qaytarım o çılğın gənclik çağımı,
Günəş tək nurumu saçım, qayıdım.
24.11.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 25.11.2018
Beğeniler: 31
Favoriler: 0
İzlenmeler: 494
rank
favori
like
share