Qadın Vahid Çəmənli

Qadın Vahid Çəmənli



(Səriyyə xalamın xatirəsinə)


Sənə igid dedik, sənə Ər dedik,
Dinib danışmayan,
lal olan Qadın.
Gah Niğar söylədik,
gah Həcər dedik,
Əhdinə, eşqinə qul olan Qadın.

Yüz il bir daxmada yaşasan belə,
Nə giley, nə güzar gəlmədi dilə.
Dözdün hər əzaba sən gülə - gülə,
Gülüşü üzündə bal olan Qadın.

Anamız, bacımız, xalamız oldun,
Bizə arxa durdun, qalamız oldun.
Yüz dəfə can dedin, qadamız aldın,
Qadası, balası bol olan Qadın.

Əslinə, nəslinə vurmadın ləkə...
Bizsiz boğazından keçmədi tikə,
Gözlədin, gözlərin yol çəkə - çəkə,
Doqqazın ağzında gül olan Qadın.

Vahidin sinəsi dolur qubarla,
Qəlbinə dəyirik nə ixtiyarla?
Atayla, oğulla, qardaşla, yarla,
Fəxr edən, göylərə ucalan Qadın

01.12.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 02.12.2018
Beğeniler: 22
Favoriler: 0
İzlenmeler: 300
rank
favori
like
share