Deyişmə Vahid Çəmənli Çingiz Kürdəmirli

Deyişmə Vahid Çəmənli Çingiz Kürdəmirli

Qıfılbənd Çingiz Kürdəmirlidən,
açmasl Vahid Çəmənlidən.

Çingiz
Qələmim yoluxub böylə mərəzə,
Dostları arayır, zehnin yoxlayır.
Sual verim bir-bir, tapın cavabın:
-Bu dünyanı hansı qüvvə saxlayır?..

Vahid
Nə deyim, hikməti çoxdu dünyanın,
Cazibə qüvvəsi onu saxlayır!
Görmədim bir nəfər ondan doyanı,
Dünya aşiqini özü “loxlayır”

Çingiz
Nədir kəlləsində olan ocağı?
Nə cisimdi, yoxdu küncü, bucağı?
O nədir ki, vuran olsa, bıçağı,
Qanı görününcə, özü ağlayır?

Vahid
Vulkandır, qalayır başda ocağı,
Yoxdu dairənin küncü, bucağı.
Soğandı, kim ona vursa bıçağı,
Qan-yaş tökə - tökə özü ağlayır.

Çingiz
Nədir milyon ildən yadigar qalır,
Saatlarla susur, xəyala dalır.
Təbəssümü canı lərzəyə salır,
Qarnı tox olsa da, gözü ağlayır?...

Vahid
Dostum, söhbət açdın qorxunc timsahdan,
Odur su altında lal kimi axan.
Dəhşətə bürünər üzünə baxan,
Qarnı tox olanda gözü ağlayır...

Çingiz
Nəyi söyləyirlər, ən əvvəl suya?
Açıqlanan hansı sirdi, quyuya?
Ən çox hansı heyvan gedir yuxuya?
Hansı heyvan ayaq üstə yux(u)layır?...

Vahid
İnsan yuxusunu danışar suya,
İsgəndərin sirri düşdü quyuya...
Ayıdır, altı ay gedər yuxuya,
Atdır, ayaq üstə durub, yux(u)layır.

Çingiz
Səni suala çox çəkəcəm hələ,
O nədir ki, gətirmək olmur dilə?
Nədən yaranır de, vulkan, zəlzələ,
Xam at kimi Yer niyə “soncuqlayır”?

Vahid
Onsuz da, suallar çoxalıb, lələ,
“Sevirəm” söyləmək çətindi dilə.
Dözmür fitnələrə, salır vəlvələ,
Yerin yeddi qatı coşur, çağlayır...

Çingiz
Yeddi Səyyarənin de nədir tacı?
Şeytan niyə qaçır, görəndə xaçı?
Artdıqca “Kalvayı”, Məşədi, Hacı,
İnamımız söylə, niyə laxlayır?..

Vahid
Yeddi Səyyarənin Günəşdir tacı,
Şeytan səhvin anlar görəndə xacı...
Çoxalır Məşədi, Kəbləyi, Hacı,
Nə yazıq, imandan çoxu axsayır.

Çingiz
Yerli-yersiz bəzən it niyə hürür?
O nədir ki, üç yüz il ömür sürür?
Gecələr, yarasa nə cürə görür?
Ətrafını ilan necə qoxlayır?

Vahid
İt görsə qaraltı qorxudan hürər,
Qarğadır, üç yüz il dövranın sürər.
Yarasa fəhmiylə dünyanı görər,
İlan hərarəti duyur, “qoxlayır”.

Çingiz
Şimaldan Cənuba çay axır niyə?
Səmada şimşəklər bəs çaxır niyə?
Səni tərk eləyib, nə qalxır göyə?
Bəs cismin nə üçün yerə “mıxlanır” ?..

Vahid
Üzü Şimala da çox çaylar axır,
Buludlar toqquşur, şimşəklər çaxır...
Ruh göydən enibdir, göylərə qalxır,
Torpaq öz payını yerə mıxlayır.

Çingiz
Çingiz versin sənə son sualını,
Topla dostlarını, danış halını.
Kim müəyyən edir, de iqbalını,
Nə bilinmir, səni nə vaxt haxlayır?

Vahid
Vahidəm, Haqq ilə gəldim divana,
Neçə çaylar keçib çatdım ümmana.
Tanrım həyat verdi bu fəqir cana,
Tanrım da hökm edir, əcəl haxlayır...
10.01.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 17.01.2019
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 553
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 17:25