Vahid Çəmənlinin söz haqqında şerləri

Vahid Çəmənlinin söz haqqında şerləri

Haqdan gələn söz...

Haqdan gələn sözün çoxdu yozumu,
Hər sirli mənanın yönü qanadı...
Heyif, o tərg olan şux cavanlığa,
Qırıldı gül kimi qolu - qanadı.

Hardan götürmüşəm bu dərdi belə?
Qapıma kim əkdi, kim dərdi belə?
Bəlkə də səbr etsəm gedərdi belə.
Dözmədim, dodağım, dilim qanadı...

Vahid, dost bağına etmişəm güzər,
Bu bağda aşıqlər dolanar, gəzər...
Gözəllər özünə igid ər gəzər,
Elə igidlər ki, salar qan, adı...

Mühasib babayam...

Mühasib babayam, işlərim çoxdu,
Hərdənbir yazıram mən işarası.
Dizimdə təpər var, gözlərimdə nur,
Canımda ilahi eşq işarası.

Çoxdan yetişmişəm həddi – buluğa,
Eybi yox, deyərəm “can, İdris qağa”.
Doğrusu, bənzərsən qaynar bulağa,
Bulağın haqq olar iştixarası.

Sevgi bir çəməndi, söz onun gülü,
Ətrinə qərq edər ürəyi, dili.
Vahid də o gülə verdi könülü,
Umud var, göz tutar isti yarası...

Sözdən çox yazmışıq

Sözdən çox yazmışıq, amma nə fayda,
Füzuli babadır sözün atası.
Tacına – taxtına kim yaxın düşər?
Bəllidi nəsili, nəsilzadası.

Heyrət, ey büt dedi, büt heyrət etdi,
Öpdü əllərindən, büt beyət etdi.
Kim bilir, içində nə niyyət etdi?
Neçə əsrlərdən gəldi nidası.

Vahid, heyrət elə sən də ustada.
Sözünü uca tut, haqqın sal yada.
Heç vaxt unudulmaz qoca dünyada,
Yazılsa ömrünə haqqın butası...

Gəlir

Hərənin bir cürə həyat tərzi var,
Kim bilir, kimlərə nə tası gəlir?
Quranla hökm edən Allah birdisə,
Bəs niyə İncili, Torası gəlir?

Mühasib babayam, çox olur işim.
Gah başım ağrıyır, gah gözüm, dişim...
Manqurtla mənim nə alış – verişim?
Mənə uyğun onun harası gəlir?..

Vahidin keçmişi oldu çox ağır,
Amma gələcəyə ümidlə baxır.
Ümidli sabaha bərəkət yağır,
Ümidlə hər dərdin davası gəlir!

Hikmət dəryasında

Hikmət dənizində bir damlayam mən,
Ardımca damlalar dalğası gəlir.
Hər misra üstündə qoyuram canı,
Səsimdən Qarabağ havası gəlir.

Duyuram insanı bircə kəlmədən,
Qəşəng ayırıram dostu gəlmədən...
Söz qəlbə yol tapmaz üzə gülmədən,
Tapsa da qarası - qurası gəlir.

Vahidəm, içimdə bahar tufanı,
Hələ qabaqdadı haqqın divanı.
Ay Çingiz, dərd ilə yorma qafanı,
Allahdan dərdlərin çarası gəlir!

25.01.2019


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 09.02.2019
Beğeniler: 24
Favoriler: 0
İzlenmeler: 382
rank
favori
like
share