Deyişmə 2 Vahid Çəmənli Çingiz Kürdəmirli

Deyişmə 2 Vahid Çəmənli Çingiz Kürdəmirli

Vahid Çəmənli
Sözdən bal çəkməyə pərgarsan, şair!
Bal da növbənövdü, şirin, acı var.
Dərd çəkmək şairə yükdü əzəldən,
Dərdi çəkmək üçün ana, bacı var!

Çingiz Kürdəmirli
Bu cəsarət sənə kimdən yoluxdu?!
Nə olsun, bir qədər qarnın da toxdu.
Bəlkə bu millətdən xəbərin yoxdu?
Bilirsənmi, heç nə qədər acı var?..

Vahid Çəmənli
Mən kiməm, xəbərin olmayıb əlbət,
Tox olan gözümdü, sözə nə hacət?
Əvvəl mərifətdi, sonra cəsarət,
Əzəldən başımda ədəb tacı var!

Çingiz Kürdəmirli
Bu həyat millətə zillət olubdu,
Qəlbimiz nisgillə, qəmlə dolubdu.
Allah müsəlmana qənim olubdu...
Arxalıdır, indi kimin xaçı var!..

Vahid Çəmənli
Nə üçün? Doğrusu, bilmirəm mən də,
Qəm, kədər durmayıb məndən də gendə...
Amma Quran deyir, istəsə bəndə,
Rəbbimin bərəkət dolu sacı var!

Çingiz Kürdəmirli
Əsəbimdən, Vallah, bədənim əsir,
Canımın əlindən olmuşam yesir...
Çoxu başqasına əriştə kəsir,
Bilmirsən fbdə nə umacı var!?..

Vahid Çəmənli
Burda deyilənə fikir vermə çox,
Dildi, yeyib - tökür, sümüyü ki yox…
Vallahı, bilinmir kim acdı, kim tox,
Çoxunun bəlkə də bac - xəracı var!...

Çingiz Kürdəmirli
Cavansan, qardaşım, bərk gəlir səsin,
Dostun batırmayıb hələ iynəsin.
Mənə cənglə gələn hər hansı kəsin,
Bilsin, yollarında çox tıxacı var.

Vahid Çəmənli
Mən ustad demişəm sənə əzəldən,
Ədəbi - ərkanı vermərəm əldən.
Sən də çox yapışma dəhrədən, beldən,
Qarşında ən azı ağır Hacı var!

Çingiz Kürdəmirli
Bezmişəm yozmaqdan hər qeylü- qalı,
İndi saya salan yox ağsaqqlı.
Heyvanların pələng, bəbir, çaqqalı,
Quşların da fərəsi, anacı var...

Vahid Çəmənli
Sən özün demisən bizə həmişə,
Çaqqal-çuqqal ilə bol olar meşə…
Biz baxaq Səmaya, Aya, Günəşə,
Şairin meşədə nə amacı var?

Çingiz Kürdəmirli
Baxıram dövrana, qaralır qanım,
Olanları axı, mən necə danım?
Şalvar ğeyır, başın daz qırxır xanım,
Kişilərin qolbaq, sırğa, saçı var.

Vahid Çəmənli
Bilmirəm, bəşərə nə olub belə?
Yoluq cücələr də dönübdür filə.
İnəklər özünü bənzədir kələ,
Kəllərin inək tək maçı - qucu var.

Çingiz Kürdəmirli
Sən Allah, danışma mənə düzlükdən,
Çox başlara vaxtsız salıb düzlük dən,
Gizlənibdi, çıxa bilmir düz, "lük" dən,
Dünyanın halaldan artıq bici var.

Vahid Çəmənli
Təcnisə keçdinsə işim fırıqdı,
Təcnis sahəsində təbim qırıqdı...
Mən girə bilmirəm, ora qoruqdu,
Hər sözün birə yüz zoru, gücü var!

Çingiz Kürdəmirli
Düqqət eləginən çıxış - girişə,
Xeyir tapmaz kimsə mənə girişə...
Bağlaram qolunu mumlu kirişə,
Gözləmə xilasa bir ipucu var!..

Vahid Çəmənli
İndi də əl atdın hərbə, zorbaya,
Mən təpə deyiləm, qayayam qaya.
Ürfan aləmində tutmuşam maya,
Bir yazsam, ehtiyat hələ üçü var!

Çingiz Kürdəmirli
Artıq söz-söhbətlə yoxdu oy,-aram...
Şair gərək xamnan sökə, oya, ram...
Mənə gəc baxanın gözün oyaram,
Məhv edərəm, bilsəm əgər suçu var.

Vahid Çəmənli
Oyaram sözünü gətirmə dilə,
Yaban da, dəhrən də məndədi hələ...
Çəpəri sökərlər qalarsan belə,
Aran yerinin də bici, gici var...

Çingiz Kürdəmirli
Sözdən masaj istəmirsə, dərin, ə!
Mənlə deyişəndə getmə dərinə.
Dostun saman təpər həmən dərinə,
Əldə qələm deyil, bil, ülgücü var.

Vahid Çəmənli
Xatirin əzizdi mənə ay dədə,
Aşmaram sən deyən həddi heç vədə.
Vahidi Haqq özü yaradıb sadə,
Hər bir yarananın bir gün köçü var!

Çingiz Kürdəmirli
Axı deyirdim ki, təbim xəstədi...
Deyişıb qurtardın, sən ol, xəstə, di...
Heç olmasa, ruhun bir az həsdədi?(1)
Çingiz söz deyirsə, bil oxucu var.

1 aram olmaq


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 12.02.2019
Beğeniler: 33
Favoriler: 0
İzlenmeler: 530
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 00:35