Çingiz Kürdəmirli Vahid Çəmənli Deyişmə 3

Çingiz Kürdəmirli Vahid Çəmənli Deyişmə 3

Çingiz Kürdəmirli
Ürəyimdən keçəni, qoy qələmim desin yenə,
Sizi mən tərk eləyib, qəfil görünsəm, necədi?..
Təbimin “Format”ını dəyişdirib ayrı yönə,
Düzlüyü, sadəliyi görk edə bilsəm, necədi?..

Vahid Qasımov
Ürəyindən keçəni aşıkar etdin, anladıq,
Dilində sadəliyi sən şüar etdin anladıq.
Çoxunu mat eləyib, bir şikar etdin, anladıq,
Cənginə düşənlərə mən indi gülsəm, necədi?

Çingiz Kürdəmirli
“Mükəmməl” - söylənilər, topıana bilsək "mərə"yə,
Ünsiyyət dadlı olar, əl də vurulmaz xörəyə...
Versə İlham pərisi, "endirim"lə icarəyə,
Dostların hüzuruna "uçaq"la gəlsəm, necədi?..

Vahid Qasımov
Toplananda bir yerə riyaziyyat düşür yada,
Piti qalır ortada, kükümüz donur tavada.
Məntiqi misal ki var, vallahi baxmır savada,
Dörd vurub, birin çıxıb, on beşə bölsəm, necədi?

Çingiz Kürdəmirli
Yazmaqdı mənim peşəm, məntiqim də söz pərisi,
Elə sözlər deyərəm, gəlməz sözünün gerisi…
Soymuşam çoxlarını, divarda durur dərisi,
Bir qanlı deyişmədə bəs özüm ölsəm, necədi?

Vahid Qasımov
O pəri bızdə də var, amma yatağandı yaman,
Oyatmaq olmur onu, hər gecə çalsam da kaman...
Altmış altı sinnidə ölməyinə yoxdu güman,
Doxsana, doxsan beşə, proqnoz versəm, necədi?

Çingiz Kürdəmirli
Həyatdı...Kim nə bilir, kimlərin yerdədir dizi?
Hələ vardır eləsi, başlamamış bitir sözü.
Yaradandan verilir, Hacı, bilirsən yaş özü,
Məşəqqətdən neçə yol ölüb - dirilsəm, necədi?...

Vahid Qasımov
Ürəyin kövrək olub, gözlərin tez - tez sulanır,
Sinənə millətimin çox odu, közü qalanır!
Möhkəm ol şair dostum, ay dolanır, il dolanır,
Qəmini yığıb TIRa, İrəvana sürsəm, necədi?

Çingiz Kürdəmirli
Deyirik dərdimizi, indi söz, sözə calanır,
Keçəndə bu mövzuya, köksümə atəş qalanır
Yada salma "dığa"nı, həmən ürəyim bulanır,
Qələmimlə çoxuna qənim kəsilsəm, necədi?..

Vahid Qasımov

Bərbad oldu Qarabağ, gör nə qədər söndü çıraq.
Yaz olar, könül gülər, yağılara çəkərik dağ!
O gün olsun, döyüşü qələbəylə başa vuraq,
Bir sürü nacinsi də mən yerə sərsəm, necədi?

Çingiz Kürdəmirli
Qələmim iynələyib, çox - çox dillərin sözüyəm,
Bu qədər əyrilərin içində tənha düzüyəm,
Can verir poeziya, mənsə ağlayan gözüyəm,
Görmüsən xoş anımı, bilmirsən qüssəm necədi.

Vahid Qasımov
Deyəsən çox çəkilir qınağa Çingizin sözü,
"Görünsəm" - lə "bilsəm" - ə, ay dostum, əsdirmə dizi...
“Ziyan” ilə “peşman” ı cütləşdirib Bayram özü,
Düzü isbatı ilə sənə göstərsəm, necədi?

Çingiz Kürdəmirli
Müəllimin işi - gücü dərs deməkdi, a qardaşım,
Qəfildən peyda oldu, nə dostumdu, nə sirdaşım.
Yüz başa bəs eləyər, bil ki, çox ağırdı daşım,
Qarışıb "Feyzbuk"da ağıllı, sərsəm, necədi?..

Vahid Qasımov
Təmkinlə seyr edirəm sənin həyat meyarını,
Çoxu dağ boyda edir böyüdərək bir darını...
Vecinə alma qağa, sən topala öz barını,
Bağından bir alma da mən özüm dərsəm, necədi?

Çingiz Kürdəmirli
Çingizəm, alsam hədəf, yaxşı bilin, hansı kəsi,
Dodağında quruyar, nəğməsi, həm zümzüməsi,
Eyləyər vəsiyyəti, - gedər, qayıtmaz nəfəsi,
Hacı versə "fatihə", "baş daşı"n hörsəm, necədi?

Vahid Qasımov
Qəlbinə kəsim quzu, bilirəm qəlbin necədi!
Amma bax, Vahidi də, sanma ki, zülmət gecədi.
Təkcə dostlar sarıdan gözüm, könlüm rəncidədi:
Tutulub, bulud kimi bir anda dolsam, necədi?
17.02.2019
Bakı


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 18.02.2019
Beğeniler: 28
Favoriler: 0
İzlenmeler: 438
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 15:05