Deyişmə 4 Vahid Çəmənli  Çingiz Kürdəmirli

Deyişmə 4 Vahid Çəmənli Çingiz Kürdəmirli

Bu deyişmə maraqlı bir fikir üzərində qurulub. Burada Vahid Çəmənli həyatda olmayan bir Vətən oğlunun ruhunu, Çingiz Kürdəmirli isə həyatda yaşayan bir həmvətənimizi təmsil çedir. Necə alınıb, oxuyanda biləcəksiniz.

Hörmətlə:

Vahid Çəmənli
Çingiz Kürdəmirli

Vahid
Məndən sonra nələr oldu, İlahi?
Yaz suları əvvəlki tək axdımı?
İnsan oğlu tulladımı silahı?
Bu dünyaya sevə - sevə baxdımı?

Çingiz
Mən Vanqa deyiləm, qardaş, Vallahi,
Fala baxdıranlar indi çoxdumu?
Sualın başımdan atdı külahi,
Söyıə, sənin ayrı işin yoxdumu?

Vahid
Yağışlar yağdımı əvvəlki kimi?
Əsdimi ahəstə səhər nəsimi?
Kimlər xatırladı mənim səsimi?
Sözlərim hədəfə dəyən oxdumu?

Çingiz
Niyə tərpədirsən de, sarı simi?
Kifayətdi qanam, - dostun bir himi...
Güclə eşidirəm mən öz səsimi,
Baxan deyir şairdimi, “lox”dumu?!.

Vahid
Eşidən oldumu fəqirin səsin?
Sinələr dağlayan ahın, naləsin...
Bədvarisin, bivarisin, bikəsin,
Dərdinə, qəminə sahib çıxdımı?

Çingiz
Fəqiri sökənlər, demədi bəsdi,
Nakəsə söz demək, bil ki, əbəsdi.
Dövran yetişdirən bax belə kəsdi...
Həyata pazdımı , ya çarmıxdımı?

Vahid
Duman çəkildimi Qarabağımdan?
Yolu açdılarmı Murov dağımdan?
Soraq gətirən yox oğullarımdan,
Qaçqının, köçkünün qarnı toxdumu?

Çingiz
Mən deyim, kafedə, barda dumandan,
Baş açılmır, şou - biznes tumandan...
Tanrı da karıxıb belə gümandan,
Birinin boyunu yerə soxdumu?

Vahid
Erməni elimdən çəkdimi xaçın?
Yurda qovuşdumu Kəlbəcər, Laçın?
Kötəl, Qarqar çayı, Tərtərçay, Xaçın,
Bəndi, bərələri coşub yıxdımı?

Çingiz
Hələ də ışğalda Laçın, Kəlbəcər,
Verdik dığalara, dedik – “ək, becər”
Səfalı yerlərdə kef çəkir ləçər,
Siyasi bazarda təzə nırxdımı?

Vahid
Danışan çox idi insafdan, dindən,
El oda düşəndə baxdılar gendən...
Nə qədər saxta mal gəlirdi Çindən,
Barı ticarətdə halallıqdımı?

Çingiz
Halal alver edər biri yüz mindən,
Ona da vəz verir çoxları gendən.
Adamlar fərqlənmir Şeytandan, cindən,
Soruş, qeyrət, namus qulaqlıqdımı?

Vahid
Ay Vahid, Haqq deyib, çoxu qurdu yas,
Amma köhnə hamam, həmən köhnə tas...
Barı, ermənidən aldıqmı qisas?
Ya işlər orda da de, fırıxdımı?

Çingiz
Qardaşım, Çingizə yaxşı qulaq as,
Bu da bir oyundu, bitməyibdi tas...
Gec - tez alınacaq yəqin ki, qisas,
Xəcalət orda da səni sıxdımı?!.

02.03.2019
Bakı - Kürdəmir


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 03.03.2019
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 493
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 19:55