Mübarizim

Mübarizim

Divan tutdun ,dağıtdın, düşmənin halayını,

Yerlə yeksan eylədin taxtını,alayını.

Yaxşı verdin dərsini,yaxşı aldı payını.

Vətənin cəsur oğlu,igid,ər Mübarizim,

Müzəffər Mübarizim!

Yaman aşmışdı həddin,qudurmuş,nankor oğlu,

Qanına qəltan oldu neçə gorbagor oğlu.

Gəldi gözüm önünə Nəbi,Babək ,Koroğlu.

Qartal kimi şığıyan qorxmaz,nər Mübarizim,

Müzəffər Mübarizim!

Torpaq,yurd sevgisiylə vətənin qulu oldun,

Düşmənin başı üstə ələnən dolu oldun.

Bu gün minlərlə gəncin mübariz yolu oldun,

Qarşını kəsəmmədi fitnə,şər,Mübarizim,

Müzəffər Mübarizim!

Dilimizin əzbəri,kəlməmiz,sözümüz sən,

Çarpan ürəyimiz sən,bu görən gözümüz sən.

Qəlbimizin təpəri,qorumuz,közümüz sən,

Qorxu bilməz,yenilməz bir əsgər , Mübarizim,

Müzəffər Mübarizim!

Neçə vaxtdı boğurdu səni qeyrət,səni ar.

O gün qəhrəmanlığı dünyaya eylədin car,

Dönüb ziyarətgaha yurd yerin Biləsuvar.

Səcdənə gəlir hər kənd, hər şəhər Mübarizim,

Müzəffər Mübarizim!

Tərəfində dayandın hər an haqqın , düzlüyün.

Çoxuna örnək oldu dözümün, dönməzliyin.

Ölümünlə həkk oldu tarixə ölməzliyin,

Unutmaz ər oğlunu bu bəşər,Mübarizim,

Müzəffər Mübarizim!



Müəllif:Asif Asiman

alıntı


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 10.06.2019
Beğeniler: 16
Favoriler: 0
İzlenmeler: 278
rank
favori
like
share