QUBADLI VAHİD ÇƏMƏNLİ

QUBADLI VAHİD ÇƏMƏNLİ



(Dostum Mürvət Qedimoğlu Həkəri-yə həsr edirəm)

Vahid Çəmənli

Bu gün yığılmışıq, adını anaq,
Halını soruşaq...
Halın necədi?
Gəlib, gətirən yox səndən bir xəbər,
Cığırın, yamacın, yalın necədi?

Ağlar gözlərimiz bulağa döndü,
Çox yazdıq, yığıldı, qalağa döndü.
Dərd çəkən canımız ulağa döndü,
Toz basan yolağın, yolun necədi?

Nəbilər qaçaqdı, Həcərlər qaçaq,
Qırıldı, qalmadı yurdda bir qoçaq...
Süleyman dədənin qurduğu ocaq,
Cəlala sarılan qolun necədi?

Neçə sərkərdələr doğuldu burda?
Necə qalib gəldi düşmən bu yurda?
Qubadlım,
Kim qoydu de, səni darda?
Kəsilən palıdın, kolun necədi?

Vahidəm, ürəyim cadar – cadardı,
Qəmindən gen dünya başıma dardı...
Neçə mərdin vardı, qoçağın vardı,
İgidin əlləri yalın, - necədi?
31.08.2019



DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 05.09.2019
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 511
rank
favori
like
share