Gedərsən  Vahid Çəmənli

Gedərsən Vahid Çəmənli


Dünya bir baxımlıq şəkil kimidi,
Sən də bircə dəfə baxıb gedərsən.
Canını verərsən bu şux gözələ,
Nişanə bir üzük taxıb gedərsən.

Uyarsan sərvətə, uyarsan vara,
Var səni gətirib çıxarar hara?
Bir gün sərvətin də dönər azara,
Əlini əlinə sıxıb gedərsən.

Haqqı axtararsan millət içində,
Saymazlar sözünü külfət içində.
Çırpına-çırpına zillət içində,
Canını odlara yaxıb gedərsən.

Ruhun dar qəfəsdə əbədi məhbus...
Dövrəndə fırlanar o qara kabus.
Danışmaq istəsən deyərlər ki, sus,
Sözünü sinənə yığıb gedərsən.

Hardan başlanırdı gəldiyin bu yol?
Ay Vahid, yıxıldın, durdun neçə yol...
Nə fərqi, nadan ol, ya da adil ol,
Su kimi torpağa axıb gedərsən.

31.05.2020

Vahid Çəmənli