Ey Türk oğlu Türk Vahid Çəmənli

Ey Türk oğlu Türk Vahid Çəmənli

Sən endin atından,- dağıldı dünya,
Yerlə yeksan oldu, ey Türk oğlu Türk.
Yurdunda yağılar oynatdı qılınc,
Nökərlər xan oldu, ey Türk oğlu Türk.

Qurudu vüqarın döndü qaxaca,
Tikən bölük-bölük düzüldü saca.
Canından pay verdin bu qədər aca,
Ürəyin qan oldu, ey Türk oğlu Türk.

Meydanı boş görüb coşdu çaqqallar,
Nağıllar uydurdu köhnə naqqallar.
Dağını, düzünü satdı baqqallar,
Hər tərəf "yan" oldu, ey Türk oğlu Türk.

Bir damın altında bir çətən külfət,
Səhərdən axşama çəkdi min zillət
Hamı dad elədi, oyan ay millət,
Sənə ziyan oldu, ey Türk oğlu Türk.

Yenidən yəhərlə köhlən atını,
Qoru öz elini, öz elatını
Göstər yağılara birlik dadını;-
Bir can min can oldu, ey Türk oğlu Türk!
20.08.2020



Foto: Soldan Vahid Çəmənli, Rəhim Üçoğlanlı