Habil və Qabil

Habil və Qabil

Siz yəqin ki, Adəmlə (ə) Həvvanın övladları olan Habil və Qabil haqda ətraflı bilmək istəyirsiniz. Elə isə, gəlin, onlar barədə öyrənək.

Adəmlə Həvvanın çoxlu övladı doğuldu. Onların nəsli sürətlə artaraq çoxaldı. Onlar Ərəbistanda, indiki Məkkə şəhərinin yerləşdiyi ərazidə köç salıb yaşamağa başladılar. Buna görə Məkkə şəhəri dünyada ilk yaşayış məskəni sayılır.

Həzrət Adəm Yer üzündə həm ilk insan, həm də ilk peyğəmbər idi. Allah onu peyğəmbərliyə seçmişdi ki, öz nəslinə din hökmlərini öyrətsin, onları düzgünlüyə, ədalətə, xeyirxahlığa doğru çağırsın. Adəm bu şərəfli vəzifəni layiqincə yerinə yetirirdi. O öz övladları və həyat yoldaşı ilə birlikdə Allaha ibadət edirdi. Adəm oğulları əkinçilik və maldarlıqla məşğul olur, əllərinin zəhməti ilə dolanırdılar.

Həzrət Adəmin oğullarından birinin adı Habil, o birininki Qabil idi. Habil mömin, zəhmətkeş, səxavətli və mehriban xasiyyətli oğlan idi. Qabilin xasiyyəti onunla tam ziddiyyət təşkil edirdi. Habil hamı tərəfindən sevilirdi, onun əli hər işdə gətirirdi. O öz ailəsi ilə mehriban yaşayırdı.

Qara niyyətli Qabil öz qardaşına paxıllıq edir, addımbaşı onu izləyərək hədələyirdi. Habil ona nə qədər nəsihət etsə də, faydası olmurdu. İki qardaş arasında düşmənçilik kəskinləşmişdi.

Nəhayət, onlar bu mübahisəyə son qoymaq qərarına gəldilər. Qət etdilər ki, kimin haqlı olduğunu o zamankı adət-ənənə yolu ilə aydınlaşdırsınlar. Hər iki qardaş öz məhsullarından Allah yolunda qurban verməli idi. Hansının qurbanı qəbul olsa, haqlı sayılacaqdı.

Habil maldarlıqla, Qabil isə əkinçiliklə məşğul olurdu. Ona görə də onların hər biri məşğul olduğu peşəyə aid qurban ayırdı. İmanlı və səxavətli Habil öz sürüsündən ən yaxşı heyvanı qurban kəsdi. Simic Qabil isə zəmidən bir neçə xırda buğda sünbülü yığıb qurbangaha gətirdi.

Allah təmiz niyyətli Habilin qurbanını qəbul etdi. Amma bu hadisə nəinki Qabili sakitləşdirmədi, hətta onun kin-küdurətini daha da artırdı. Onun öz qardaşını görməyə gözü yox idi. Paxıl Qabil tezliklə Habili aradan götürmək qərarına gəldi.

Günlərin birində qardaşlar öz işləri ilə məşğul idilər. Gözünü qan tutmuş Qabil yenə Habillə mübahisəyə başladı. Habil onu sakit olmağa çağırdı, xeyli nəsihət etdi. Amma heç bir faydası olmadı. Qabili sakitləşdirmək mümkün deyildi. O, qardaşının üstünə cumub yerə yıxdı, yerdən böyük bir daş götürüb onun başına vurdu. Habil öz qəddar qardaşının zərbələri altında həlak oldu.

Bir neçə dəqiqədən sonra Qabilin hirsi soyudu. O, necə böyük cinayət törətdiyini anladı. Bir tərəfdən peşmançılıq, bir tərəfdən də qorxu onu bürüdü. Qabil qardaşının meyitini necə gizlədəcəyini bilmirdi. Bu zaman onun gözləri qarşısında belə bir səhnə baş verdi: İki qarğa Qabilin yanında yerə qonub bir-biri ilə dalaşmağa başladı. Qarğaların biri digərini dimdikləyib öldürdü. Sonra dimdiyi və caynaqları ilə torpağı qazıyıb onu basdırdı və üstünü örtdü.

Qabil qarğanın hərəkətindən nümunə götürüb, yerdə qəbir şəklində çala qazıdı. Habilin meyitini ora atıb üstünü torpaqla örtdü. Sonra Qabil heç nə olmamış kimi evə qayıtdı.

Həzrət Adəm Habili görməyib narahat oldu, onu Qabildən soruşdu. Qabil qardaşının başına nə gəldiyini bilmədiyini söylədi. Amma Adəm məsələnin nə yerdə olduğunu anladı. O, Qabili lənətləyib evdən qovdu. O gündən etibarən Qabil və onun övladları hamıdan ayrı yaşamağa başladılar.

Qabilin öz qardaşını öldürməsi Yer üzündə ilk cinayət sayılır. Sonralar bütün dünyanı bürümüş qardaş qırğınlarının, müharibələrin əsası həmin hadisə ilə qoyuldu.

İslam dininin qanunlarına görə, nəinki başqasını öldürmək, hətta ona kiçik bir ziyan vurmaq da günah sayılır. Bütün insanların əcdadı eynidir: Həzrət Adəm və Həvva. Ona görə də insanlar bir-biri ilə qardaşdırlar. Heç kəsin başqasını incitməyə, təhqir etməyə, aldatmağa haqqı yoxdur. Müqəddəs Quranda buyurulur: “Şübhəsiz, möminlər bir-biri ilə qardaşdırlar”.

Həzrət Məhəmməd peyğəmbər və imamlarımız həmişə müsəlmanları dostluğa və mehribanlığa səsləyirdilər. Onlar müsəlmanları bir bədənin üzvləri hesab edirdilər. Əgər bədən üzvlərindən biri ağrısa, bütün bədən əziyyət çəkəcək. Ona görə də müsəlmanlar həmişə bir-biri ilə mehriban davranmalı, bir-birinə kömək etməlidirlər. Onlar qarşıya çıxan çətinlikləri birlikdə aradan qaldırmalıdırlar.

alıntı