Xarı bülbül gülü

Xarı bülbül gülü

"XARI BÜLBÜL"- çiçəyi haqqında

Ofris (lat. ophrys) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi

Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri Xarıbülbül adı ilə tanınır və latınca ophrys caucasica və ya ophrys mammosa adlanır.

Ophrys — yunan mənşəli sözdür, mənası "qaş" deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı "baxmağını" eyham ediblər. Səhləb fəsiləsinin bir çox nümayəndələri kimi ofrislər də kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı cücülərin (eşşəkarısı və başqaları) köməyi ilə baş verir və onların çiçəkləri həmin cücülərin formasını və görünüşünü təkrarlayaraq, onları özünə cəlb edir. Ofrislərin çiçəkləri şirə ixrac eləmir, ətri isə demək olar ki, yoxdur. Lakin, bəzi növlərinin çiçəkləri müəyyən növ cücülərin dişi fərdlərinə xas olan və erkək fərdlərini cəlb edən feromonun iyinə oxşar ətir qoxuya bilər. Təbii ki, cücüləri ofrislərin xüsusi görünüşü ilə bərabər bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də qoxuya, maraq göstərən həşərat, bir güldən digərinə uçur və beləliklə, tozlanma prosesi baş verir. Göbələklərdən və müəyyən növ cücülərdən asılı olması ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar. Xarıbülbül (Ophrys caucasica) və ofrislərin bir çox başqa növləri isə hətta Qırmızı kitabda qeydə alınıblar.

Xarıbülbül-bu növü isə yalnız bizdə bitir. Çiçəklərin baş tacı!...

Bu çiçək haqqında yəqin ki hamımız eşitmişik və bu təbiidir, çünki, bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın diri rəmzidir. Bəli, hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə bilirik? Deyilənə görə bu gül yalnız Şuşada bitir. Lakin, mən onun Laçında, Gədəbəydə, Xızı dağlarında da bitdiyini eşitmişəm, Şamaxı rayonunun Pirqulu qəsəbəsində həmçinin. Bu gül haqqında gözəl bir əfsanə vardır:

"Biri varmış biri yoxmuş, bir dənə bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.
***

Başqa bir əfsanə də var ki, Qarabağ xanı öz qızını İran şahına ərə veribmiş. Xan qızı İranda darıxır, sıxılır və şah onun ürəyini açmaq üçün sarayda "Vətən bağının” salınmasını əmr edir. Bağ salınır və Qarabağda bitən bütün güllər, bitkilər gətizdirilib, bu bağda əkilir. Bu bitkilərin hamısı kök vurub, gül açır, bircə Xarıbülbül yad torpaqda bitmir, solur.

Xarı bülbülün çox təəssüf ki, kökü tükənmək üzrədir. Onu gördüyümüz yerdə dərmək əvəzinə, ona lazımi yardımı edib, artmasına şərait yaratsaq, çiçəklərin baş tacı olan Xarı bülbül əbədi olaraq vətənimizdə yaşayacaq və gələcək nəsillərə ötürüləcəkdir.

"Xarı Bülbül” bir də Şuşanın milli simvoludur. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül tanrının bizə göndərdiyi ən böyük möcüzədir. Təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Bu çiçəklər əsasən Alp çəmənliyində olur. Aran yerdə tez solsa da dağlarda uzun müddət qalır.
Vətən bağı al-əlvandır.
Yox içində "Xarı bülbül”,
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı bülbül.
Xarı Bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "Nigah diplomatiyası” deyilən qız alverindən istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də "Xarı Bülbül”ü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib.
"Xarı Bülbül” təbiətə verdiyi gözəlliyi ilə yanaşı müalicə əhəmiyyətli bitkidir. "Xarı bülbül”dən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.
"Xarı Bülbül” rəvayəti xalqın yaddaşında
Rəvayətə görə bir gün bulbul öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş.
Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə, hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şaxbudaq eləyib yerlə-yeksan edərmiş.
Bir gün külək var qüvvəsilə əsirmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:
_ Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?
Gül inamla cavab verdi:
_ Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.
Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…
Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bulbul sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər ona baş əyirdi. Artıq gül son qüvvəsini toplayırdı. Onun müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bulbul yanında olsaydı…
Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü ilə ikiqat edəcəkdi. Bülbül özünü vaxtında gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən bülbülün adı Xarı bülbül qalır. Gül Xarı bülbül görkəmində güllər açır. Həmin Xarı bülbül gülü heç bir qızılgül koluna və gülünə bənzəmir.


DETAYLAR
Kategori : Azərbaycan Coğrafiya
Ekleme Tarihi : 15.10.2015
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 1014
rank
favori
like
share